Ötən gecədən başlayaraq yağan güclü qar səbəbindən Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti xeyli çətinləşib.
FED.az xəbər verir ki, hazırda Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən çovğun və buzlaşma nəticəsində çoxlu sayda avtomobil yolda qalıb. Güclü küləyin dağlardan gətirdiyi qar yolun hərəkət hissəsini tamamilə örtüb, buzun üstündə sürüşən avtomobillərin hərəkəti dayanıb. Ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşları qəzaların baş verməməsi üçün bu gün saat 13:30 radələrindən Bakı-Şamaxı yolunun Qobustanın Nərimankənd kəndi və Şamaxı şəhəri ərazilərində postlar quraraq yolu bağlayıb, nəqliyyat vasitələrinin hərəkətini dayandırıb.
Əraziyə yol istismar idarəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib, yola duz və qum səpilir. Lakin, çovğun səbəbindən magistral yolun böyük hissəsini qar və buzdan təmizləmək mümkün olmadığı üçün nəqliyyatın hərəkəti dayandırılıb. (Apa)