Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtonəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi daha bir yolda, Qala-Pirallahı avtomobil yolunun 3,6-cı km-də yeni yerüstü piyada keçidi inşa edib.
Bu barədə FED.az-a qurumdan bildirilib.
Məlumata görə, sözügedən ərazidə, yolun hər iki tərəfində yaşayış massivi və orta məktəb mövcuddur. Bu üzdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edəcək. Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.7 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 2,5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir.
Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb.
Piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və Dövlət Standartlarına uyğun olaraq inşa edilib.
2020-ci ildə ölkənin ümumi istifadədə olan avtomobil yollarında və Bakıda 9 piyada keçidi tikilərək istifadəyə verilib.