Ödənişli olacaq Bakı-Quba-Rusiya dövlət sərhəddi yeni avtomobil yolu yaxın vaxtlarda istifadəyə veriləcək.
Təcili: Azərbaycanda ilk pullu yol üzrə - TARİFLƏR MÜƏYYƏN EDİLDİ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu yolda giriş-çıxış nöqtələri ilə yanaşı, sürücülərə yol boyu əlavə 4 yerdə də giriş-çıxış imkanları veriləcək.
Avtomobil yolları dövlət agentliyinin sözçüsü Anar Nəcəfli deyir ki, başlanğıcını Hacı Zeynəlabdin Tağıyev qəsəbəsindən götürən yolda sürücülər 23-cü km-də Giləzidən, 53-cü km-də Siyəzəndən, 85-ci km-də Gəndobdan, 107-ci km-də isə xaçmazdan giriş və ya çıxış edə biləcəklər. Onlar avtomobillərinə və getdikləri məsafəyə uyğun ödəniş edəcəklər.
Məlumata görə, yolda radar da olmayacaq. Yəni sürücülərin sürətli və rahat hərəkəti üçün hər cür şərait yaradılacaq.
Həmçinin, sürücülərin avtomobili saxlayıb ödəniş etmələrinə də ehtiyac yoxdur. Bu sistem də avtomatlaşdırılır.
Anar Nəcəfli deyir ki, yoldan istifadə edənlər xüsusi kartlar əldə edəcəklər. Onların balansını isə onlayın artırmaq mümkün olacaq.
Bakı-Quba-Rusiya dövlət sərhəddi yeni avtomobil yolunun ümumi uzunluğu 150 km-dir. Həmin yolun 129 km-lik hissəsinin ödənişli olması nəzərdə tutulur. (Xezerxeber.az)