Azərbaycanda parklanma qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir.
FED.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Məcəlləyə təklif edilən yeni 346-1.6-cı maddəyə görə enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək.
Eyni zamanda 346-1.7-ci yeni maddəyə görə, velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10 manat, xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə 40 manat məbləğində cərimə olacaq.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.