"Özbəkistan və Azərbaycanın ayrıca nəqliyyat-logistika dəhlizləri sisteminin formalaşdırılması məsələsində ümumi fikirləri var. Ölkələrimiz bu vəzifəni öz iqtisadiyyatlarının inkişafı üçün mühüm amil kimi qiymətləndirirlər. Bunu nəzərə alaraq, nəqliyyat kommunikasiyalarının inkişafı sahəsində praktiki əməkdaşlığın genişləndirilməsi Özbəkistan-Azərbaycan qarşılıqlı fəaliyyətinin gündəliyində getdikcə daha prioritet yer tutmağa başlayır".
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 15 birgə layihənin maliyyələşdirilməsini təhlil edir
FED.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Bəhrom Sotiboldiyev bildirib.
O qeyd edib ki, Özbəkistan Azərbaycanın infrastrukturu vasitəsilə daşımaları fəal şəkildə artırır:
"Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin proqnozlarına əsasən, cari ildə bu istiqamətdə 1 milyon tondan çox Özbəkistan yükü daşınacaq. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından dinamik şəkildə istifadə olunur. Biz bu nəqliyyat marşrutunun hərtərəfli modernləşdirilməsinin bu yaxınlarda yekunlaşmasını və ötürmə qabiliyyətinin ildə 5 milyon tona çatdırılmasını nəzərə alaraq, tədarükün artırılmasını gözləyirik. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə yükdaşımalarının artırılması da perspektivli görünür. Özbəkistan Bakı limanının ərazisində anbar infrastrukturu yaratmaq və ayrıca terminal tikmək niyyətindədir. Azərbaycan tərəfi ilə də gəmiqayırma və gəmiçilik sahəsində birgə layihələrin həyata keçirilməsinə dair danışıqlar aparılır.
Asiyadan Avropaya ən qısa quru yolunun təmin edilməsi məqsədlərinə nail olmaq baxımından Özbəkistan və Azərbaycan öz tranzit potensialından qarşılıqlı faydalı istifadəyə yönəlib. Daşkənd öz logistik imkanlarını genişləndirdikcə, Azərbaycanın infrastrukturu vasitəsilə yükdaşımaları artırmağa çalışır. Öz növbəsində, Bakı da planlaşdırılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin Xəzər dənizinə qədər uzanmasında maraqlıdır". (Azərtac)