Yaşıl nəqliyyatın inkişafı ilə yanaşı, praktiki çətinliklər də mövcuddur.
FED.az xəbər verir ki, bu fikirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirə zamanı səsləndirib.
Orxan Məmmədov bildirib ki, yaşıl nəqliyyatın təşviqi mühüm əhəmiyyət kəsb etsə də, bu sahədə bir sıra praktiki maneələr mövcuddur. Onun sözlərinə görə, yaşıl nəqliyyat vasitələrinin texniki xidmət və ehtiyat hissələrinin çatışmazlığı, şarj məntəqələrinin sayı və yerləşdirilməsindəki disbalans, nəqliyyat vasitələrinin sertifikatlaşdırma və qeydiyyat prosesindəki texniki prosedurların təkmilləşdirilmə ehtiyacı bu sahədə qarşıya çıxan əsas problemlərdəndir.
Sədr həmçinin diqqətə çatdırıb ki, velosiped yollarının infrastrukturunun hələ tam formalaşmaması yaşıl nəqliyyatın geniş tətbiqinə mane olan digər faktorlardandır.
“Xüsusilə vurğulamaq istərdim ki, Bakıda son dövrlər yeni avtomobil və velosiped zolaqlarının çəkilməsi hərəkətin fasiləsizliyinə və ekoloji yükün azaldılmasına müsbət təsir göstərir”, – deyə Orxan Məmmədov əlavə edib.
Lakin o qeyd edib ki, bu təşəbbüslər bəzi hallarda şəhər infrastrukturunda yeni çağırışlara səbəb olur: “Məsələn, piyada axınının azalması, avtopark yerlərinin məhdudlaşması və tədarük proseslərinin çətinləşməsi bəzi kiçik və orta biznes subyektlərinin fəaliyyətinə mənfi təsir göstərməkdədir”.