Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətində edilən dəyişiklik, bunun nəticəsində yaranmış vəziyyət və qiymətlərin artımı Konstitusiyaya ziddir.
Aeroportdan şəhərə taksi qiymətləri iki dəfə bahalaşıb - VİDEO
FED.az xəbər verir ki, bu barədə Azərbaycanda İnsan Haqları üzrə Xüsumi müvəkkil – Ombudsman aparatı bu sahədə apardığı monitorinqin nəticəsi üzrə məlumat yayıb.
Açıqlamadan məlum olur ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətində edilən dəyişiklik, yeni tələblər, bunun nəticəsində yaranmış vəziyyət və narazılıq Ombudsman Aparatının da diqqətini cəlb edib. FED.az xəbər verir ki, Ombudsman Aparatı tərəfindən yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 10 sentyabr 2025-ci ildən taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb.
Monitorinq nəticəsində edilən dəyişikliklərin qanuna, daha dəqiqi Konstitusiyaya zidd olduğu aşkar edilib. "Monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur.
Tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir", - məlumatda deyilir.
Qeyd olunur ki, Ombudsman tərəfindən vətəndaşların konstitusion hüquqlarının təmini, tariflərin şəffaf və ədalətli mexanizm əsasında formalaşdırılması, bütün lisenziyalı taksi xidmətləri üçün bərabər imkanların yaradılması, rəqabət mühitinin qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlanacaq.
Aidiyyəti dövlət qurumlarından biri, bir qayda olaraq bu dəyişiklikləri müdafiə edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə Ombudsman Aparatının açıqlaması ilə razı olmayıb. Ombudsman Aparatının açıqlamasına münasibət bildirən AYNA-dan Oxu.az-ın soröusuna cavab olaraq bildirilib ki, aeroportda taksi qiymətləri tələb və təklif əsasında müəyyən olunur: "Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır".
Bununla yanaşı, AYNA-nın açıqlamasından məlum olur ki, Agentlik əslində Ombudsmanın qaldırdığı məsələyə deyil, başqa məsələyə münasibət bildirir, bununla da faktiki olaraq cavabdan yayınır.
Ombudsman Aparatı aeroportda taksi xidmətində rəqabətin pozulması dedikdə, buraya heç də bütün lisenziyalı taksilərin buraxılmadığını, ən əsası isə bu dəyişikliklər nəticəsində əhali üçün taksi qiymətinin süni surətlə bir neçə dəfə artırıldığını nəzərdə tutur.
AYNA isə öz açıqlamasında bütün taksilərdən deyil, yalnız aeroporta buraxılan taksi xidmətləri arasındakı rəqabətdən danışır, halbuki, Ombudsmanın açıqlamasının predmeti bu deyildi.
Digər tərəfdən, məhz aeroportda qiymət oriyentirinin «Bakı Taksi» xidmətinin qiyməti ilə müəyyən olunması, digər taksi xidmətlərinin aeroport qiymətlərini artırmasına şərait yaradıb. AYNA-nın cavabında bu barədə heç nə deyilmir.
Ombudsman Aparatınını belə mövzulara nadir hallarda qarışdığını, monitorinq apararaq öz mövqeyini ortaya qoymasını nəzərə alanda bu sahədə yenidən dəyişikliyin olması ehtimalı var.