Ödənişli yollarda sürət həddi müəyyənləşir.
Pullu yollarda ödənişin məbləğinin müəyyənləşdirilməsi qaydası dəyişib
FED.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün ödənişli avtomagistrallarda - saatda 130 kilometrdən çox olmayan sürət həddi müəyyənləşir.
Digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli yollarda sürət həddi saatda 90 kilometrdən çox olmamalıdır.
Qeyd olunur ki, “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 309 nömrəli Qərarı qəbul edilib. Layihədə ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyinde qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur.









