Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Londonda “BlackRock” şirkətinin Maliyyə və Strateji İnvestorlar Qrupunun qlobal rəhbəri Çarlz Hatami ilə görüş keçirib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Davosda “BlackRock” və onun törəmə şirkəti “Global Infrastructure Partners” ilə imzalanmış Niyyət Memorandumu çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Həmçinin rəqəmsal infrastruktur, süni intellekt ekosistemi, regional məlumat mərkəzinin qurulması və hava nəqliyyatı infrastrukturuna investisiyaların cəlb edilməsi ilə əlaqədar birgə işlərin ilkin nəticələri barədə fikir mübadiləsi aparılıb.
Nazir Rəşad Nəbiyev Böyük Britaniya parlamentinin üzvü, aviasiya, dənizçilik və dekarbonizasiya məsələləri üzrə nazirlə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniya parlamentinin üzvü, aviasiya, dənizçilik və dekarbonizasiya məsələləri üzrə nazir Kir Meyzer ilə görüş keçirib.
Görüşdə Azərbaycanın tranzit potensialı, şəhər daxilində nəqliyyat infrastrukturunun modernləşdirilməsi, Bakı Metropoliteni, dəmir yolu layihələri barədə məlumat verilib.
Həmçinin rəqəmsal nəqliyyat sistemləri, süni intellekt əsasında yaradılan "Rəqəmsal Nəqliyyat Əkizi" və Böyük Britaniya ilə hava əlaqələrinin genişləndirilməsi, uçuşların sayının artırılması imkanları müzakirə edilib.















