Həftənin cümə günündən etibarən sərnişinlər Naxçivan istiqamətində təyyarə bileti tapa bilmədiklərini bildirir.
AZAL: "Bu istiqamətdə heç bir sərnişin biletsiz qalmayıb, gündəlik 2 minə yaxın sərnişin daşıyırıq"
FED.az xəbər verir ki, bunu Naxçıvanda yaşayan V.M. bildirdi.
Onun sözlərinə görə, iyunun 30-dan Naxçıvana getmək üçün bilet ala bilmir. "Kiminsə tanışı varsa, yalnız onun vasitəsilə bilet tapa bilir. Ya da çox baha qiymət deyirlər. Ona görə də uzun növbələr var".
Milli Məclisin deputatı Fazil Mustafa Turana bildirib ki, bu problem süni bir problemdir. "Naxçıvana həm kiçik təyarələr verirlər bu da az insanların götürülməsinə gətirib çıxarır. Həm də Naxçıvana bilet 60 manatdır və 20-30 manatı qara kassada bunun satışından əldə edə bilirlər. Bu da az bir miqdardır. Ona görə də bu reysə əlavə təyarələri cəlb etmirlər. Həmin təyarələri İstanbul və başqa reyslərə yönəldiblər. Orada 1 biletdən 100-150 manat artıq götürə bilirlər".
Deputatın fikrincə, burada korrupsiya əlamətləri var. "Biletin qıtlığı onu göstərir ki, reysləri az salırlar və biletlərinin onlayn satışını lazımi səviyyədə təşkil edə bilmədilər".
Onun fikrincə, bu məsələ hökümət səviyyəsində ciddi müzakirə olunmalıdır.
AZAL-DAN AÇIQLAMA
"Sərnişinlərin artan tələbatına cavab olaraq AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik reyslərin sayını 10-dan 12-yə çatdırıb. Azərbaycanın milli aviadaşıyıcısı sərnişinlərin Bakı-Naxçıvan arasında reyslərə olan tələbatını tam ödəyir. Bu istiqamətdə heç bir sərnişin biletsiz qalmayıb", - "Azərbaycan Hava Yolları" bildirib.
Qeyd edilib ki, bu marşrut üzrə gündəlik 11-12 reys həyata keçirilir ki, bu da sərnişinlərə səfərlərin planlaşdırılmasında rahatlıq və ən əlverişli uçuş vaxtını seçmək imkanı yaradır. Məsələn, iyulun 1-də 12, iyulun 2-də isə 11 reysin həyata keçirilməsi nəzərdə tutulub:
"Uçuşların sayının artması ilə əlaqədar biletlərin mövcudluğu tam təmin olunduğundan sərnişinlərin aviabilet almaq üçün AZAL-ın kassalarının qarşısında növbəyə durmağa ehtiyac qalmayıb". (Turan, Azadlıq radiosu)