Azərbaycanda bəzi sürücülərin üzləşdiyi ən ciddi problemlərdən biri də mübahisəli cərimələrdir.
DYP-dən bu sürücülərə - XƏBƏRDARLIQ - CƏRİMƏ OLUNACAQSINIZ - MƏBLƏĞ
FED.az xəbər verir ki, belə sürücülərdən biri də Roman Heydərlidir. O iddia edir ki, 2023-cü ildən ölkədə olmayan adamla 2025-ci ilin aprelində radara düşüb: “Mən nə qədər irad bildirdim. Dedilər ki, texniki səhvdir. Neçə gündür əlaqə saxlayıram, heç bir dəyişiklik yoxdur. Cərimə də yerində qalıb”.
Şikayətçinin sözlərinə görə, bundan əvvəl də başqa cür cərimələnib: “İllərdir istifadə etmədiyim, texniki baxış, sığorta olunmayan, tam yararsız, xarab maşını təmir etmək üçün yolun hərəkət hissəsi olmayan yerdə saxlamışdım. Maşının kapot hissəsi açıq, usta işləyən yerdə yanımızdan DYP maşını keçdi. Onlar da avtomatik çəkiliş edirlər. Bir az keçəndən sonra gördüm ki, adıma cərimə gəlib”.
Ekspert Yasin Mustafayev deyir ki, belə halların baş verməsinə səbəb həm texniki problemlər, həm də məsələnin düzgün araşdırılmaması ola bilər: “Belə olan hallarda sürücü müəyyən addımlar ata bilər. Hər bir sürücü özünə elektron kabinet açsın. Orada “şikayət et” bölməsindən istifadə etsinlər. Etmədikləri xətalarla bağlı protokol tərtib olunubsa, şikayət edə bilərlər. Bununla da onların adına tərtib olunan protokol ləğv oluna bilər”.
Hüquqşünas Esmira Rzayevanın sözlərinə görə, vətəndaş ona hansı xətanı törətdiyi və hansı cərimə yazıldığına dair protokol tələb edə bilər: “Əgər vətəndaş hesab edirsə ki, həmin xətanı o törətməyib, bu zaman məhkəmə qaydası ilə həmin protokolun ləğv edilməsi və tərtib olunmuş cərimənin silinməsini tələb edə bilər”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının radar sistemində bir neçə fakt üzrə elektron oxunmasında texniki xəta olması, mərkəzi informasiya sisteminə avtomatik inteqrasiya prosesində hansısa sürücü barəsində cərimə tətbiq olunması ilə bağlı qərar olmayıb: “Əsasən dövlət qeydiyyat nişanlarının çirkli olması, yol şəraitindən yaranan hallarda texniki vasitələr tərəfindən qeydəalınmada yanlışlıq baş verə bilər. Lakin sistemdə inteqrasiya prosesi zamanı bu cür istinsnalar yoxlanılmaqla dərhal aradan qaldırılır və yalnız düzgün məlumatlar qeydə alınır.
İndiyədək hansısa şəxs tərəfindən törədilən qayda pozuntusuna görə cərimənin başqa bir şəxs tərəfindən ödənilməsi ilə bağlı heç bir müraciət daxil olmayıb, bir şəxsin digər inzibati xəta törədən sürücünün təqsirinə görə məsuliyyəti yaranmayıb. Sürücülərə törətdiyi xətaya görə qeydiyyatını təmin edən elektron sistemin dəqiqliyi və şəffaflığı diqqətdə saxlanılır”.