Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları barədə məlumatların siyahısı təsdiqlənəcək.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi haqqında” imzaladığı Fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-1-ci maddəsinin VI hissəsinə uyğun olaraq, kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə qaydalarını, habelə kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədlərini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Həmin Qanunun 46-2-ci maddəsinin I hissəsinin 2-ci bəndinə uyğun olaraq, kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir.