Misir, mart ayında Süveyş Kanalında baş verən qəza nəticəsində dəniz trafikinin 6 gün dayanmasına səbəb olan nəhəng konteyner gəmisi "The Ever Given"in dəymiş ziyanın ödənilməsinə qədər saxlayacağını açıqlayıb.
Süveyş Kanalı Administrasiyasının rəhbəri Usama Rabi, Misirin "ON" kanalına verdiyi açıqlamada, Süveyş Kanalında qəzaya uğrayan konteyner gəmisinin səyahət məlumat qeyd cihazının (VDR) deşifrinin başa çatdığını söylədi.
Qəzanın səbəbinin texniki nasazlıq ola biləcəyini deyən Rabi, gəmi sahiblərinin kanalın vurduğu ziyanı ödəməkdən imtina edəcəyi təqdirdə məsələnin mühakimə olunacağını və gəminin göllər bölgəsinə geri çəkiləcəyini bildirdi: “Gəmi vurulan ziyan ödənilənə qədər tutulmalıdır”.
Rabi deyib ki, qəzadan sonra Süveyş Kanalına dəyən ziyanın dəqiq məbləği hesablanır, bu təxminən 1 milyard dollardır.
Qəzadan sonra kanalda günlərlə gözləməli olan gəmilərə təzminat verilməsinə dair məsələlərin nəzərdən keçirildiyini bildirən Rabi, Süveyş kanalının təhlükəsiz bir keçid kanalı olduğunu qeyd edib.
Xatırladaq ki, nəhəng konteyner gəmisi martın 24-də qum fırtınası və pis hava şəraiti səbəbiylə zəif görünmə nəticəsində Suveyş kanalında sahilə çırpılmış və keçidi bağlamış, kanalın hər iki tərəfində uzun gəmi növbələri meydana gəlmişdi. Nəticə dəniz nəqliyyatının dayandırılması səbəbindən xam neft, LNG və bir çox məhsul tədarükündə fasilələr meydana gəlmişdi.
6 gündən sonra 29 martda nəhəng yük gəmisini kənara çəkmək və yolu açmaq mümkün olmuşdu.