İlin sonundan metronun “Dərnəgül” stansiyasından “28 May” stansiyasına qatarların birbaşa hərəkəti dayandırılacaq.
“28 May”dan ancaq bu qatarlara minə biləcəyik - Nələr dəyişəcək?
FED.az xəbər verir ki, Bakı metrosunda qırmızı və yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə "28 May" stansiyasından "Dərnəgül" stansiyası istiqamətinə doğru qatarların hərəkəti müvəqqəti təşkil edilməyəcək. Yəni "Nizami" stansiyası yaşıl xətt üzrə müvəqqəti son dayanacaq olacaq.
"Nizami" stansiyasını birbaşa "Cəfər Cabbarlı" stansiyası ilə birləşdirilməsi ilə yaşıl xətt müstəqil şəkildə işləməyə başlayacaq. Birləşmə tunelinin tikintisi mürəkkəb geoloji şəraitdə həyata keçiriləcəyindən yerli və beynəlxalq mühəndislərin ilkin qiymətləndirmələrinə əsasən, işlərin təxminən 1 il davam edəcəyi proqnozlaşdırılır. Bundan başqa, layihə çərçivəsində bu işlərə paralel şəkildə sərnişinlərin rahat keçidi üçün "28 May" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirəcək əlavə keçid tunelinin tikintisi də planlaşdırılır.
“İçərişəhər”- “28 May”- “Həzi Aslanov” xətti üzrə isə qatarların hərəkəti əvvəlki qaydada davam edəcək və bu istiqamətdə heç bir məhdudiyyət gözlənilmir. Əksinə, bu marşrutda intervalların daha da qısaldılması və xidmətin daha stabil həyata keçirilməsi planlaşdırılır.