Milli Məclisdə metroda gedişhaqqının artırılması məsələsi müzakirə olunub.
Avtobuslarda gediş haqqı məsafədən asılı olaraq dəyişəcək - QİYMƏT AZI 60 QƏPİK OLACAQ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında danışıb.
“Ölkədə ən böyük problemlərdən biri ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi məsələsidir. Sevindiricidir ki, Gəncədə modern avtobusların təminatını gördük. Eyni qaydada Bakıda da ictimai nəqliyyatın necə işləməsi, əhalinin vəziyyətinin yaxşılaşması və ya pisləşməsinin əsas parametrləri sayılmaqdadır. Bu günlərdə metroda da qiymətlərin artması iqtisadi cəhətdən əsaslandırıla bilər, amma başqa yerlərdə qiymətlər artanda imtiyazlı təbəqənin hansı formada bundan yararlanacağı qeyd olunur.
Bizdə isə tələbələrin, şəhid ailələrinin övladlarının, ayrı-ayrı aztəminatlı şəxslərin, daun-autizm xəstəsi olan uşaqların, müalicəyə gedənlərin hansı formada daşınacağı, hansısa imtiyazlı təbəqənin müəyyən kartlarla təmin olunması məsələsi problem olaraq qalır”, - deyə deputat bildirib.