Bakı metrosunda hazırda vahid tarif modeli tətbiq olunur, lakin gələcəkdə gedişhaqqı məsafəyə görə müəyyən edilə bilər. Odur ki, hazırda bununla bağlı analitik qiymətləndirmələr davam etdirilir.
Metronun yeni stansiyaları bu ərazilərdə olacaq - VİDEO
FED.az xəbər verir ki, bu təcrübə dünyanın bir çox ölkələrində var, yəni metrodan istifadə edən sərnişin gedişhaqqını qət etdiyi məsafəyə görə ödəyir. Lakin ekspertlər bildirirlər ki, bu sistemi qurmaq elə də asan deyil, çünki, bütün stansiyalarda zəruri şərait, terminallar olmalıdır.
Bəs metroda bu tarif modeli ölkəmizdə də tətbiq oluna bilərmi?
“Bakı Metropoliteni”nin sözçüsü Bəxtiyar Məmmədov bildirib ki, hazırda bununla bağlı konkret qərar olmasa da, təhlillər bu gün də aparılır. Onun sözlərinə görə, aparılan təhlillərdə, eləcə də planlaşdırılması nəzərdə tutulan bütün dəyişikliklərdə sərnişin rahatlığı və təhlükəsizliyi prioritet məsələdir.
Bəxtiyar Məmmədov qeyd edib ki, bu günə qədər metroda gedişhaqqının ödəmə üsulu ilə bağlı çoxsaylı, eyni zamanda, rəqəmsal texnologiyalara əsaslanan yeniliklər edilib.
O da qeyd olunub ki, bu tarif dəyişikliyi yaxın gələcəyin deyil, qarşıdakı dövrdə Bakı metropoliteninin qarşısında duran əsas vəzifələrdən biridir.









