“Metropoliten yola saldığımız ildə plan üzrə 228 milyon sərnişinə xidmət göstərməli idi. Amma insanların təhlükəsizliyi naminə görülən tədbirlər siyahısına metroda sərnişindaşıma prosesinin dayandırılması da daxil edilib. İl ərzində yeraltı nəqliyyatla 74 milyon 709 min 237 sərnişin daşınıb”.
Eləcə də bax: Metronun bağlı qalması müddəti - Uzadıldı
FED.az xəbər verir ki, bu barədə Bakı Metropolitenin ilin yekunlarına həsr olunmuş hesabat xarakterli məlumatında qeyd olunub.
Məlumatda bildirilir ki, Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti il ərzində bir neçə dəfə dayandırılıb: “Metropoliten ilk dəfə mart ayının son 3 günü ərzində səhər saat 7-dən 9-a, axşam isə 5-dən 8-ə qədər olmaqla, yalnız 5 saat xidmət göstərib. Martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb. İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib. Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, 4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb. Bu dəfə Metropoliten sentyabr ayının 14-də sərnişinlərinə qovuşub. Növbəti dəfə qəbul edilmiş qərarla yeraltı nəqliyyat oktyabrın 19-dan “COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə əsas vəzifəsinin yerinə yetirməmək qadağası ilə üzləşib”.
Beləliklə, 2020-ci il ərzində metropoliten 202 gün, ümumiyyətlə, sərnişin daşımayıb. Sərnişin daşınan 164 günün 3-də isə cəmi 5 saat daşıma xidməti göstərib. (Qafqazinfo)