"50 sərnişin, 4000-ə yaxın yük vaqonuna ehtiyacımız var"
“4 il əvvəl cənab Prezident məni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin edən vaxt vaqon parkı acınacaqlı vəziyyətdə idi, bu sahədə heç bir iş görülməmişdi”.
FED.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində deyib.
Eləcə də bax: "Dəmir yolu xətti Əhmədli, Zirə, Pirallahı və aeroporta qədər uzadılacaq"
ASC-nin sədri bildirib ki, əgər yeni vaqonlar alınmasaydı, bu ilin sonunda “Azərbaycan Dəmir Yolları” böyük çətinliklər ilə üzləşə bilərdi:
“Sədr təyin edildikdən sonra vaqon parkına baxdım. Təxminən 21 min ədədlik vaqon parkı vardı. Bu vaqonların 20-30 il istismar müddəti var. Bu sahədə heç bir iş görülməmişdi. Baxanda gördük ki, park acınacaqlı vəziyyətdədir. Əgər yeni vaqonlar alınmasaydı, bu ilin sonuna bizim işləyə biləcək 250 vaqonumuz qala bilərdi”.
Cavid Qurbanov, “Cənab Prezidentin dəstəyi ilə 3100 yük vaqonları almışıq” deyərək sözlərinə belə davam edib:
“Bundan əlavə “Stadler” ilə danışıqlar apardıq. 4 vaqondan ibarət 7 “Stadler” sərnişin qatarı almışıq, 2-si də bu ilin sonunda gələcək. Əlavə pullar ayrılıb, bu il əlavə 3 “Stadler” də sifariş edəcəyik. Bununla da alacağımız “Stadler” qatarlarının sayı 12-yə çatacaq. Bu qatarlardan dizel ilə işləyən də olacaq ki, hər vəziyyətə hazır olaq.
Qazaxıstandan “Alstom”dan yeni lokomotivlər almışıq. Onun 10-u sərnişindaşıma üçün, qalanları isə yük daşınmasında istifadə olunacaq.
Cənab Prezidentə müraciət etmişəm. Vaqon parkını yaxşılaşdırmaq üçün əlavə 50 sərnişin, 4000-ə yaxın da yük vaqonuna ehtiyacımız var. Dövriyyəmizin artması üçün bu vaqonları almalıyıq”.