Bakıda 91 nömrəli müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Agentlik buna səbəb kimi, marşrutun indiki istifadəçilərinin keyfiyyətli işləməməsini və bununla bağlı şikayətlərin olduğunu göstərib.
«Paytaxtın Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli avtobusun müvəqqəti istismarçısına xəttin nizamlı fəaliyyəti və sərnişindaşıma qaydalarına riayət olunması ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməmişdir»-deyə Agentliyin açıqlamasında bildirilir.
Ötən həftə bu marşrutda avtobusun sınıq şüşə ilə istifadə olunması AYNA-nınsəbr kasasını doldurub: «Ötən həftə sözügedən marşrut üzrə fəaliyyət göstərən avtobusun zədələnmiş şüşə ilə idarə olunması da sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, AYNA tərəfindən 91 nömrəli müntəzəm avtobus marşrutu müsabiqətə təqdim edilib»-deyə qurum bildirib.
Keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi ilə bağlı AYNA bir daha daşıyıcılara çağırış edərək, səlahiyyətlərində olan avtobus parkının saz və müasir nəqliyyat vasitələri ilə təmin olunmasını tövsiyə edir.