Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilin sonuna qədər yekunlaşacaq. Yeni dəmir yolu xətti Ləki stansiyasından Qəbələnin hava limanına qədər olacaq.
FED.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.
Onun sözlərinə görə, 43 kilometrlik dəmir yolu xətti boyunca 103 suötürücü, 16 tunel və körpü, Ağdaş rayonunun Qarağan-Şıxlar ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında vağzal tikiləcək:
“Artıq 1 ədəd yoldəyişən qurğu qoyulub, 4 km dəmir yolu xətti çəkilib. Eyni zamanda 2 ədəd yeraltı keçidin tikintisi tamamlanıb. Ağdaş-Göyçay avtomobil yolu üzərindən keçəcək körpüdə son tamamlama işləri görülür. Əlavə bir neçə keçid və körpüdə svayların vurulması prosesi başa çatıb, kənar və orta dayaqları quraşdırılıb”.
Eləcə də bax: Azərbaycanda nəqliyyat və logistika - SƏRGİSİ KEÇİRİLƏCƏK
S.Qədirova bildirib ki, bu günə kimi 71 suötürücü qurğunun tikintisi başa çatıb, digərlərində işlər davam edir:
“Hazırda torpaq yatağının işlənməsi prosesi davam etdirilir. Ləki stansiyasından Qəbələyə qədər olan ərazinin relyefi bir az mürəkkəbdir, dağlıq yerləri var. Ləki-Qəbələ dəmir yolu xəttinin təxminən 20 kilometri Qəbələ rayonunun dağlıq ərazisinə düşür”.
Xatırladaq ki, ötən ilin 11 dekabrında Prezident İlham Əliyev “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Yeni dəmir yolu xəttinin tikintisi turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə rahat gediş-gəlişin təmin edilməsinə öz töhfəsini verəcək.