Azərbaycanın Kulevi limanına ixrac etdiyi yüklərin həcmi son 1,5-2 il ərzində nisbətən azalıb.
FED.az xəbər verir ki, bu barədə Qara dəniz terminalının baş direktoru İlqar Əlizadə Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya neft ticarəti və nəqliyyatı Forumu”nda bildirib.
Onun sözlərinə görə, bu azalma Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi ilə bağlıdır:
“Əvvəllər ixraca yönləndirilən bəzi məhsullar, məsələn, aşağı keyfiyyətli dizel artıq “Avro-5” standartlarına uyğun dərin emaldan keçirilir. Zavod Gürcüstan bazarı üçün də “Avro-5” standartlı benzin və dizel istehsal edir. Bu məhsulların daxili bazarda istifadə olunması Kulevi limanına ixracın əvvəlki illərlə müqayisədə bir qədər azalmasına səbəb olub”.
Bununla belə, İ.Əlizadə Kulevi limanında ümumi yük dövriyyəsinin artdığını və xüsusilə Mərkəzi Asiyadan gələn tranzit yüklərin əhəmiyyətli dərəcədə çoxaldığını vurğulayıb:
“Qazaxıstan və Türkmənistandan tranzit yüklərin həcmi təxminən iki dəfə artıb. Gözləyirik ki, yaxın gələcəkdə Özbəkistan da bu marşruta qoşulacaq və bu ölkədən də yüklərin ixracı başlayacaq. Həmçinin əminik ki, Azərbaycan da yaxın illərdə ixrac imkanlarını artıracaq. Biz isə bu artımı qarşılamaq üçün bütün texniki və logistika baxımından hazır olmalıyıq”. (Report)