Qazaxıstanın Almatı şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.
Eləcə də bax: Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa - KONTEYNER QATARI YOLA DÜŞÜR
FED.az xəbər verir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Yığıncaqda qeyd olunub ki, 2019-cu ildə konteyner daşımalarının 71% (10,7 min TEU) artması Xəzər dənizinin limanları üzərindən həyata keçirilən daşımalarda tarixi rekorddur. Görüş iştirakçıları 2019-cu ilin aprel ayında Aktau və Bakı limanları arasında yeni fider xidmətinin istifadəyə verilməsinin artımı şərtləndirən əsas amillərdən biri olduğunu vurğulayıblar. Xəzər dənizində bu xidmətin göstərilməsi dəmir yolu nəqliyyatının istifadəsinin səmərəliliyini artıraraq, konteyner qatarlarının çatdırılmasını xeyli sürətləndirib.
Yığıncaqda Birliyin 2019-cu il üzrə fəaliyyətinin nəticələri müzakirə olunub, İdarə Heyətinin tərkibi təsdiq edilib. “Qazaxıstan Dəmir Yolu” SC-nin sədri Sauat Mınbayev yenidən Birliyin sədri seçilib.
İclasda "Anaklia Development Consortium” MMC-nin “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin assosiativ üzvlüyündən kənarlaşdırılması məsələsinə baxılıb. Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd.” və Qazaxıstanın “Aktau Dəniz Şimal Terminalı” şirkətləri isə üzvlüyə qəbul edilib.
Tədbirin sonunda müvafiq protokol imzalanıb.