ABŞ şirkətləri Zəngəzur dəhlizi ilə bağlı layihələrdə iştirak etmək, tenderlərdə öz təkliflərini vermək imkanını məmnuniyyətlə qarşılayacaqlar.
FED.az xəbər verir ki, bunu ABŞ İnkişaf Maliyyələşdirmə Korporasiyasının (DFC) icraçı direktoru Kennet Angell deyib.
O qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı bir sıra geosiyasi amillər var:
"Bir tərəfdə Rusiya, digər tərəfdə İran bu dəhlizin açılmasını istəmir. Türkiyə isə dəhlizin açılmasını dəstəkləyir. Ermənistanda bunu görmək istərdi, çünki onlar marşrutdan keçən yüklərə görə rüsum toplamaq imkanını bir üstünlük kimi görürlər. Hesab edirəm ki, bu proses müəyyən təhlükəsizlik zəmanətlərini, həmçinin diplomatiyanı tələb edəcək. Amma bu, iqtisadi inkişafdan fərqli bir məsələdir".
Kennet Angell əlavə edib ki, hazırda "Tramp marşrutu" hələ erkən mərhələdədir:
"Amma yol açılıb fəaliyyətə başladıqdan sonra ABŞ şirkətləri layihələrdə iştirak etmək, tenderlərdə öz təkliflərini vermək imkanını məmnuniyyətlə qarşılayacaqlar. Hansı şirkətin ən yaxşı təkliflə çıxış etməsi isə o zaman məlum olacaq".
Qazaxıstanda Amerika Ticarət Palatasının icraçı direktoru Ceff Erliç isə bu məsələ ilə bağlı vurğulayıb ki, ABŞ şirkətləri dünyanın aparıcı şirkətləridir:
"ABŞ texnologiyasına, kapitalına, bacarıqlarına və məhsullarına böyük tələbat var. Ümid edirəm ki, bu sahədə də müəyyən imkanlar olacaq". (Apa)