Mərmərə dənizinin dibi ilə şəhərətrafı qatarların hərəkət edəcəyi və İstanbulun Avropa hissəsindəki Halkalı ryonu ilə Kocaeli vilayətinin Qəbzə qəsəbəsini birləşdirən dəmir yolu xəttinin açılış mərasimi keçirilib.
FED.az Anadolu agentliyinə istinadla xəbər verir ki, İstanbulun Kartal rayonunda keçirilən Halkalı-Qəbzə şəhərətrafı qatar xəttinin açılışı mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. O, Kartaldan Maltəpəyədək qatarın sükanı arxasına keçib.
Uzunluğu 63 kilometr olan yeni dəmir yolu xəttindən gündəlik 1,7 milyon sərnişinin istifadə edəcəyi gözlənilir. Ümumilikdə 43 stansiyası olan marşrutla ilk stansiyadan 70 dəqiqəyə mənzilbaşına çatmaq mümkün olacaq. Rəcəb Tayyib Ərdoğan mərasimdəki çıxışında deyib ki, Halkalı-Qəbzə xətti Pekindən Londona uzanacaq dəmir İpək yolunun da bir hissəsidir. Onun sözlərinə görə, sürət qatarlarının hərəkət edəcəyi bu marşrut vasitəsilə İstanbulun Avropa və Asiya hissələrinə gediş-gəliş asanlaşacaq. İstanbulun 10 rayonunun sakinləri bu qatarlardan rahatlıqla istifadə edə biləcəklər. BU marşrutun açılması ilə Türkiyənin bu ən böyük şəhərinin dəmiryolu sistemi 170 kilometrdən 233 kilometrə çatıb.