Avtomobillərin dövlət nömrə nişanları dəyişdirilərkən, İcbari sığorta şəhadətnaməsinə xitam verilməyibsə, yeni şəhadətnamənin alınmasına ehtiyac yoxdur.
Bu barədə FED.az-a İcbari Sığorta Bürosundan məlumat verilib.
Bildirir ki, Daxili İşlər Nazirliyi tərəfindən hərəkətdə olan avtomobillərin xüsusi qurğular vasitəsi ilə aşkarlanması zamanı avtomobilin dövlət qeydiyyat nişanı dəyişsə belə, köhnə sığorta şəhadətnaməsi qüvvədə olduğu təqdirdə heç bir cərimə tətbiq edilməyəcək. Bu barədə məlumat İSB-nun Elektron İnformasiya Sistemində mövcuddur. Qeyd edək ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 4-cü fəslində nəzərdə tutulub. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.