Azərbaycanda əhalinin köhnə avtomobillərinin dövlət tərəfindən pulla alınmasını nəzərdə tutan utilizasiya proqram üzərində müzakirələr başlayıb. FED.az-a hökumətdən verilən məlumata görə, köhnə avtomobillərin utilizasyası proqramı ölkənin avtomobil parkının yenilənməsi və ölkə istehsalı olan avtomobillərin satışının stimullaşdırılması məqsədi daşıyacaq. Hələlik utilizasiya proqramı müzakirə mərhələsindədir.
Qeyd edək ki, utilizasiya proqramı adətən yerli kütləvi avtomobil istehsalı olan ölkələrdə tətbiq edilir. İndiyədək Azərbaycanda geniş avtomobil istehsalı olmadığına görə, ölkəmizdə bu işlərə başlanmayıb. Amma bir neçə aydan sonra Neftçala Sənaye Məhəlləsində işə düşəcək avtomobil zavodu böyük həcmdə avtomobil buraxacağına (zavodun ümumi gücü ildə 10 min avtomobildir, ilkin mərhələdə ildə 5 min avtomobil buraxılacaq) görə, utilizasiya proqramı gündəmə gəlib.
Bu proqramma əsasən, köhnə avtomobillərin sahibləri öz maşınlarını təhvil verib göstərilən modelləri əldə etdikdə onlara böyük endirimlər edilir. Aradakı fərqi, yəni endirimin məbləğini isə yeni avtomobilin satıcısına dövlət ödəyir. Əhalidən yığılan köhnə avtombillər isə məhv (utilizasiya) edilir. Məhz ona görə bu proses utilizasiya proqramı adlanır.
Xatırladaq ki, oxşar proqram qonşu Rusiyada artıq bir neçə ildər tətbiq edilir. Şərtlərə görə, azı 6 il istismarda olan avtombilləri təhvil verməklə yeni alınan maşınların qiymətində 50-350 min rubl və ya 800-6000 dollarlıq endirim almaq olar.
Hazırda Azərbaycanda aparılan müzakirələrdə utilizasiya proqramının hansı yaşda maşınlara aid olacağı araşdırılır.
Hökumət köhnə maşınları əhalidən pulla alacaq
09:48
26 Dek 2017