Türk Hava Yolları mayın 28-dən daxili, iyunun ortalarından isə beynəlxalq uçuşlara başlayacaq.
Eləcə də bax: Türk Hava Yolları daxili və xarici uçuşlarının - 60 FAİZİNİ BƏRPA EDƏCƏK
FED.az xəbər verir ki, bunu Türkiyənin “TAV Airports Holding”nin baş direktoru Sani Şener deyib.
Qazaxıstandakı Almatı Hava Limanını satın alma qərarından danışan icraçı direktor, hətta böhran zamanı investisiya qoymağa davam etdiklərini bildirib: “Orta Asiyaya girmək bizim üçün əhəmiyyətli bir strategiyadır. Pandemiya dövründə 415 milyon dollarlıq alış etdik. Oraya 150-200 milyon dollar sərmayə qoyacağıq".
Qeyd edək ki, Türkiyənin “TAV Airports Holding”i Almatı Hava Limanını yüz faiz hissəsini satın alıb. Əməliyyatın dəyəri 415 milyon dollar təşkil edib.
Sani Şener bildirib ki, hava limanının alınması üçün 6-7 ay mübarizə aparıblar: “Mayın 8-də qərarı imzaladıq. Qazaxıstan xarici sərmayə cəlb etmək baxımından əhəmiyyətli bir ölkədir. Qazaxıstan hökumətindən də böyük dəstək aldıq. Həm Qazaxıstana, həm də aviasiya sektoruna etimadımızı göstərdik".
Almatı Hava Limanında ildə 6,5 milyon sərnişinin daşındığını xatırladan Sani Şener, bölgənin böyük turizm potensialına sahib olduğunu bildirib.
Mayın 28-dən etibarən daxili uçuşlar başlayacaq
“Covid-19” böhranının ciddiliyinə diqqət çəkən Sani Şener, əvvəl-axır bütün böhranların bitdiyini xatırladıb: “Vacib olan böhranı yaxşı idarə etməkdir. Biz hazırda özümüzü qoruyuruq. İşçilərimizə pandemiya təhsili verməyə başlamışıq. Hava limanları və təyyarələrin sərnişinlər üçün təhlükəsiz olmasını təmin etməliyik".
İcraçı direktor virusun təsirindən sərnişin sayının 20 faizdən çox azaldığını deyib: "Yanvar ayı yaxşı keçdi, fevralda virusun başlaması ilə eniş başladı. Birinci rübdə hava limanlarımızda sərnişin sayında 23 faiz azalma müşahidə etdik, bununla bərabər dövriyyə də 21 faiz azaldı. Onun üçün ciddi bir eniş yaşadıq, amma ümid edirik ki, bu ilin ikinci yarısından sonra tədricən yaxşılaşma olacaq".
S.Şener havalimanları 2020-ci sonuna qədər bağlı qalarsa, sektor üçün çox ciddi çətinlik olacağını da deyib: “Amma mən belə olacağına inanmıram. Çin açıldı, ABŞ-da koronavirus çətinliyinə baxmayaraq ciddi bir təyyarə hərəkəti var, Avropa və Türkiyədə də yavaş-yavaş uçuşların başlayacağını düşünürəm".