Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Göygöl rayonunda yerli əhəmiyyətli Topalhəsənli avtomobil yolunun 5-ci km-dən ayrılan və uzunluğu 7 km olan Kərəmli avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolun yenidən qurulmasında məqsəd xüsusən payız-qış mövsümündə yol ilə hərəkətdə yaranan çətinlikləri aradan qaldırmaq, yolboyu yaşayan əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metrə qədər genişləndirilib, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Aparılan işlər çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol yatağının və yol əsasının inşası yerinə yetirilib, ardınca isə layihə üzrə nəzərdə tutulmuş qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri, həmçinin suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası da aparılıb.
Qeyd edək ki, tikinti müddəti ərzində fasiləsiz hərəkətin təmin olunması məqsədilə sürücülər üçün uzunluğu 5100 metr təşkil edən çınqıl örtüklü olmaqla alternativ yol da salınıb.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na əsasən sürətlə və keyfiyyətlə icra olunub.
Tikinti layihəsinin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.