Azərbaycan Dəmir Yollarında (ADY) son bir neçə ildə sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin artırılması və müştəri məmnunluğunun təmin olunması daim diqqət mərkəzində olub. Bura rəqəmsal texnologiyalarla təchiz edilən müasir vaqonların xəttə buraxılması, biletlərin onlayn sifarişi və sair daxildir.
Bəs ADY-də yaxın gələcəkdə xidmət keyfiyyətinin artırılması yönündə hansı işlərin görülməsi planlaşdırılır?
FED.az xəbər verir ki, bu barədə “Report”a açıqlama verən "Azərbaycan Dəmir Yolları" QSC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi David Əliyev onlayn-satış sistemindən istifadənin cazibədarlığını artırmaq üçün biletlərin onlayn geri qaytarılma sisteminin test edildiyini deyib:
Eləcə də bax: Bakı Dəmiryolu Vağzalında "Yuxu Qutusu" istifadəyə verildi - ÇOX BAHADIR - QİYMƏTLƏR
“Onlayn bilet satışının tətbiqi birbaşa müştəri məmnuniyətinin artmasına səbəb olan amillərdəndir. Hazırda onlayn bilet almaq olur. Bilet satışı saytı həm veb, həm də onlayn uçün işlənib hazırlanıb. Bu ilin sonuna kimi isə mobil əlavə üzərindən elektron biletlərin internetdən əldə edilməsi mümkün olacaq".
Onun sözlərinə görə, sərnişinlərə xidmət səviyyənin yaxşılaşdırılması və biletlərin onlayn-satış sistemindən istifadənin cazibədarlığını artırmaq üçün biletlərin onlayn geri qaytarılma sistemi hazırda test prosedurundadır:
"Gələn ayın birindən etibarən isə real rejimə keçirməyi planlaşdırırıq. Bununla yanaşı, istənilən sürət həddində sərnişinləri eyni anda Wi-Fi və sabit 3G mobil rabitəsi vasitəsilə İnternet şəbəkəsinə çıxışını təmin etmək istiqamətində texnoloji layihələndirmə prosesi davam edir. Final layihənin növbəti ilin ortasına kimi hazır olması hədəflənir”.