2025-ci il iyulun 23-də sosial şəbəkələrdə Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində səki hissəsinin dağıdılaraq avtonəqliyyat vasitələri üçün dayanacaq yeri yaradıldığı barədə yayılan məlumatlarla əlaqədar dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən araşdırma aparılmışdır.
FED.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, qeyd olunan ərazidə görülən işlər agentliyin tabeliyində fəaliyyət göstərən “Bakı 4 N-li Yol İstismarı” MMC tərəfindən baş idarəyə məlumat verilmədən və müvafiq razılaşdırmalar olmadan özbaşına həyata keçirilmişdir.
Agentliyin İdarə Heyətinin sədrinin tapşırığına əsasən, qeyd olunan qanunsuz hərəkətə yol verən “Bakı 4 N-li Yol İstismarı” MMC-nin direktoru və məsul şəxsləri ciddi şəkildə intizam məsuliyyətinə cəlb edilmiş, onlara sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
Eyni zamanda dəymiş ziyanın aradan qaldırılması məqsədilə dağıdılmış səki hissəsinin qısa müddət ərzində bərpa olunması tapşırılmış və bunun üçün tələb olunan xərclərin məsul şəxslərin aylıq əməkhaqqılarından tutulması qərara alınmışdır.