Bu ilin may ayında Füzuli-Hadrut və Cəbrayıl-Hadrut avtomobil yolları istifadəyə veriləcək.
Şuşaya aparan 2-ci avtomobil yolu - ÖDƏNİŞLİ OLACAQ
FED.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələri və 2022-cil ildə görülmüş işlərə dair Zəngilan rayonunda bu gün keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir. O, 4 hərəkət zolağından ibarətdir. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21,5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir. Füzuli-Hadrut avtomobil yolu Şükürbəyli–Cəbrayıl avtomobil yoluna birləşir.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biridir. Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanan yolun uzunluğu 39,7 km-dir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 14 metr təşkil edir. (Report)