Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın Cənubi Qafqaz regionunda strateji mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək.
ABŞ Zəngəzur dəhlizinə 100 il nəzarət etməyi təklif edib - SƏFİR AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions" şirkətinin Azərbaycanla bağlı hesabatında bildirilib.
Qeyd olunur ki, 2023-cü ildə Qarabağ üzərində tam nəzarəti bərpa edən Azərbaycan hazırda regionda nəqliyyat əlaqələrinin inkişafına və Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru yolunun qurulmasına yönəlmiş layihələrə diqqət yetirir. Hesabata əsasən, Ermənistanın cənub ərazisindən keçməsi planlaşdırılan Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək. Bu yeni nəqliyyat marşrutu alternativ bağlantı imkanları yaradacaq və Azərbaycanın həm Xəzər, həm də Qara Dəniz hövzəsinə çıxışını genişləndirəcək.
“Fitch Solutions” həmçinin bildirib ki, hazırda ticarət balansı mənfi olaraq qalır və bu, ölkə iqtisadiyyatının artım tempinə mənfi təsir göstərir. 2024-cü ildə idxalın ixracdan üstün olması səbəbindən ticarətin iqtisadi artıma töhfəsi mənfi olub. Agentliyin proqnozuna görə, bu meylin yaxın dövrdə dəyişməsi gözlənilmir. Bununla belə, hökumətin həyata keçirdiyi infrastruktur layihələri və regional bağlantı təşəbbüsləri uğurla icra olunarsa, ticarət balansında müəyyən müsbət dəyişikliklər baş verə bilər.
FS ümumilikdə əlavə edib ki, uzunmüddətli perspektivdə Azərbaycanın iqtisadi inkişafı hökumətin hazırda həyata keçirdiyi strateji addımlarla müəyyən olunacaq. (Apa)