Araz çayının əvvəlki məcrasına qaytarılması üçün bənd tikilməsi layihəsi lazım gələrsə, Türkiyə ilə razılaşdırılacaq.
FED.az xəbər verir ki, bunu Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti bildirib.
"Hazırda layihə sənədlərinin kordinasiyası üçün Rusiya sərhəd qoşunlarının rəhbərliyi ilə danışıqlar aparılır və zərurət yaranarsa Türkiyə tərəfi ilə də müzakirələr aparılacaq. Onlar başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq", - məlumatda deyilir.
Müqavilə və layihə sənədlərinə əsasən tikinti işlərinin müddəti 16 ay olacaq.
Xatırladaq ki, Ermənistan tərəfində qanunsuz qum hasilatı nəticəsində Türkiyə ilə sərhədin keçdiyi Araz çayı məcrasını dəyişib və təxminən 400 hektar ərazisi olan ada yaranıb. Problemlərin qarşısını almaq üçün nazirlik çayın sularını əvvəlki məcrasına yönəltmək üçün çayın hazırkı yatağında uzunluğu təxminən 130 m və dərinliyi 8 m olan bənd tikməyi təklif edib. (Apa)