Bu gün səhər saatlarında etiraz edərək Heydər Əliyev prospektini bağlayan TIR sürücüləri ilə bağlı bəzi detallar açıqlanıb.
Eləcə də bax: Nazirlikdən Bakıda yolu bağlayan TIR sürücüləri ilə bağlı - AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, etiraz edən 4 TIR yalnız 1 daşıyıcı sahibkara məxsusdur.
Nazirliyin açıqlamasında qeyd edilir ki, daşıyıcılara icazə blankları verilərkən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə əməkdaşlıq edilərək daşıyıcıların real tələbatı haqqında məlumatlar mübadiləsi həyata keçirilir.
“Yalnız bir daşıyıcı - Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq, özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub", - məlumatda deyilir.
Nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) məsul əməkdaşlarının dəfələrlə qəbul edərək qanunvericilik barədə müvafiq izahatlar verməsinə baxmayaraq, R.Cəfərov müxtəlif vaxtlarda şantaj və hədə-qorxu yolu ilə ehtimal olunan real tələbatdan artıq sayda “İcazə” blankının alınması məqsədilə ictimai qaydanı dəfələrlə pozaraq qanunsuz əməllərə yol verib, hərəkətləri ilə Xidmətin normal iş ahəngini pozub.
"Sonuncu dəfə 27 dekabr 2021-ci il tarixində R.Cəfərov növbəti bir qanunsuz əmələ yol verərək Xidmətin normal iş ahəngini pozub. Nəticədə xidmət Nərimanov rayon Polis İdarəsinə müraciət edib və polis əməkdaşlarının müdaxiləsindən sonra yük avtonəqliyyat vasitəsi Xidmətin inzibati binasının qarşısından götürülüb, R.Cəfərov barəsində məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs qərarı çıxarılıb.
R.Cəfərov əvvəllər də bir sıra qanun pozuntularına yol verib. Belə ki, Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsi DANX-a ünvanladığı 17 yanvar 2018-ci il tarixli məktubla lizinq müqaviləsi əsasında əldə etdiyi avtonəqliyyat vasitəsini qanunsuz yolla ölkədən çıxartdığına görə ona avtomobil nəqliyyatı ilə daşımalar üçün müvafiq icazələrin verilməsinin dayandırılmasını və verilmiş icazələrin etibarsız sayılmasının təmin olunmasını xahiş edib", - Nazirlik bildirib.