İran, İsrail və ABŞ arasında davam edən gərginlik fonunda Dubayda hava məkanı vaxtaşırı qapandığı üçün uçuşlar ləğv edilib. Hazırda bir çox azərbaycanlılar ölkəyə qayıtmaqda çətinlik çəkirlər.
Dubay aeroportu vuruldu - Aeroport bağlandı
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, vətəndaşlar qeyd edirlər ki, Dubaydan Azərbaycana uçuşlar yalnız "FlyDubai" aviaşirkəti tərəfindən təşkil edilir:
"Son günlər regionda baş verən hadisələr səbəbindən bir çox uçuşlar ləğv olunub. Hazırda Dubaydan Azərbaycana yalnız "FlyDubai" aviaşirkəti ilə uçuş mövcuddur və biletlərin qiyməti 1 852-2 336 manata (4000-5000 dirhəm) qədər yüksəlib. Bu aviaşirkət ilə uçuşlar normalda 138-185 manat (300-400 dirhəm) olub. İndi isə qiymətlər 10 dəfədən çox qalxıb. Bu şirkətin reysləri ilə qayıdan vətəndaşların hər biri öz büdcəsi hesabına qayıdır. Qayıda bilməyənlər isə çətinlik yaşayırlar.
Təxminən 300-ə yaxın azərbaycanlı Dubayda qalıb. Onların arasında vizasının müddəti bitənlər, biletləri ləğv olunanlar və artıq hotellərə pul ödəyə bilmədiyi üçün çətin vəziyyətə düşən insanlar var. Bəziləri artıq küçələrdə qalmaq məcburiyyətindədirlər. Azərbaycan konsulluğuna müraciət olunub. Bizdən siyahılar toplanır. Gözləyirik.
Burada təhlükə ilə üz-üzəyik. Gün ərzində bir neçə dəfə telefona raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq mesajları gəlir". (Oxu.az)











