Dövlət Dəniz və Liman Agentliyinin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları müəyyənləşib.
Eləcə də bax: Dövlət Dəniz və Liman Agentliyi yaradılıb - FƏRMAN
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsində əksini tapıb.
Nizamnaməyə əsasən, Agentliyin nizamnamə fondunun məbləği 6 228 052 (altı milyon iki yüz iyirmi səkkiz min əlli iki) manatdır.
Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülür.
Agentlik dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur.
Agentliyin tutduğu dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən hissəsi Agentliyin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə Agentliyin hesabına köçürülür.
Agentliyin “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsində göstərilən dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərin qiymətləri (tarifləri) tənzimlənən qiymətlərə (tariflərə) aiddir.