Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında Murovdağ tunelinin 500 metrlik hissəsinin tikintisinin yekunlaşdırılması ilə bağlı dəqiqləşdirilməmiş xəbər paylaşılıb.
Eləcə də bax: Murov dağının altından 23 kilometrlik - Avtomobil Tuneli Tikiləcək
FED.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.
"Tinelin inşasına yeni başlanılıb və qısa müddət ərzində bu tunelin 500 metrlik bir hissəsinin tikintisinin yekunlaşdırılması qeyri-mümkündür. Düzdür, biz də agentlik olaraq istəyərdik ki, yazılan kimi qısa müddətdə bu cür miqyasda iş icra olunsun. Amma reallıqda bu mümkün deyil. Çünki tunel inşası heç də asan başa gəlmir.
Hazırda təyin olunmuş vaxtda tikintinin tamamlanması üçün qazma, partlatma və qırıcı üsullarla dəniz səviyyəsindən 1700 metr hündürlükdə Murovdağ tunelinin inşası istiqamətində genişmiqyaslı işlər icra olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və xüsusi texnikalar səfərbər olunub.
Murovdağ tunelinin və ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur ərazisində icra olunan yol infrastrukturu layihələri barədə mətamadi olaraq məlumatları agentliyimizin rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarından əldə edə bilərsiniz", - deyə o, qeyd edib.