Bu il yol infrastruktur layihələrinə 300-dək işsiz vətəndaş cəlb ediləcək. FED.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Agentlik bildirib ki, ölkədə sosial siyasətin əsas istiqamətlərindən biri də işsizliyin aradan qaldırılması, məşğulluğun təmini və bu istiqamətdə layihələrin daha da genişlənməsidir.
Qurum açıqlayıb ki, 2016-2018-ci illərdə görülən işlərdə 3 minədək işsiz və iş axtaran daimi işlə təmin olunub. Təkcə 2018-ci ildə 615 vətəndaş daimi iş yeri ilə təmin olunub, 470 nəfər isə müqavilə əsasında yol tikintisi işlərinə cəlb edilib.
Cari ildə isə daha 300-dək vətəndaşın işlə təmin olunması nəzərdə tutulur.
Yeni yol infrastrukturu layihələri bunlardır:
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu;
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsi; Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Qırmızı körpü hissəsi;
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astara-İran sərhədi hissəsi;
Ucar-Zərdab-Ağcabədi avtomobil yolu;
Bəhramtəpə-Biləsuvar avtomobil yolu.
Bu işlərdə həmin yolların keçdiyi rayonlar üzrə məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olanlar çalışa bilərlər. «Yol fəhlələri və yol tikintisi sahəsi üzrə, eləcə də yola aid xüsusi texnikaların, maşın-mexanizmlərin idarə edilməsində təcrübəsi olan vətəndaşlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin həmin rayon və şəhərlərdə yerləşən Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətlərinə müraciət edə bilərlər»-deyə məlumatda bildirilir.