Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində daşıma xidmətləri sahəsində istehlakçı hüquqlarının cari vəziyyəti və mövcud problemlərin müzakirəsi məqsədilə bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə növbəti maarifləndirici görüş keçirilib.
FED.az xəbər verir ki, görüş zamanı sahibkarlara istehlakçılardan daxil olmuş müraciətlər, ən çox şikayət olunan sahələr üzrə aparılan təhlillər və araşdırmalar barədə ətraflı məlumat verilib. Sözügedən sahədə mövcud problemlərin aradan qaldırılmasının ən effektiv yolu kimi dövlət-özəl tərəfdaşlığı çərçivəsində sahibkarlarla qarşılıqlı əməkdaşlığa üstünlük verildiyi vurğulanıb.
Görüş çərçivəsində daşıma xidmətləri sahəsində mövcud olan çatışmazlıqlar, istehlakçıların üzləşdiyi əsas problemlər və onların həlli yolları ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, sahibkarların sualları cavablandırılıb və praktiki məsələlərə dair tövsiyələr verilib.