“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib.
FED.az xəbər verir ki, dəmiryolçular öncə Fəxri Xiyabanda Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Tədbir "Azərbaycan Dəmir Yolları" QSC-də davam etdirilib.
Eləcə də bax: Beynəlxalq Bankda dəmiryolu işçiləri üçün - KREDİT KAMPANİYASI!
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov çıxışında bildirib ki, Azərbaycanda dəmir yolunun təməli 1878-ci ildə qoyulub və inşası 20 yanvar 1880-ci ildə başa çatıb: "Uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolu yük daşınmasına olan tələbatın artması səbəbindən inkişaf edərək təkmilləşib".
Sədr qeyd edib ki, Prezident İlham Əliyev 2005-ci il oktyabrın 7-də "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" sərəncam imzalayıb.
Sonda bu ilin avqust-sentyabr aylarında Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzində keçirilən dəmiryolçuların idman spartakiadasının qaliblərinə kuboklar, pul mükafatları və diplomlar, bir qrup dəmiryolçuya “Fəxri dəmiryolçu” döş nişanı və bayram hədiyyələri təqdim olunub.
Apa