Son dövrlər regionda qarşıdurmaların güclənməsi digər hallarla yanaşı, Azərbaycan üzərindən daşımaları artırıb və ölkənin təhlükəsiz nəqliyyat dəhlizi imicini gücləndirib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, prezident İlham Əliyev bu gün Şuşada işinə başlayan IV Şuşa Qlobal Media Forumunda ölkənin nəqliyyat imkanları barədə danışıb.
«Gərgin qarşıdurma dövründə uçuşların xəritəsinə baxsaydınız, çox dar hava dəhlizinin məhz Azərbaycan üzərindən keçdiyini görərdiniz. Eyni vəziyyət Xəzər dənizi vasitəsilə həyata keçirilən dəniz daşımalarına və quru nəqliyyatına da aiddir»-deyə prezident bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ölkə üzərindən artan yük axınlarını qəbul etməyə hazırdır, üstəlik bu imkanları genişləndirir: «Xəzər hövzəsində ən böyük ticarət limanı olan və hazırda illik 15 milyon ton yükötürmə gücünə malik limanımızın imkanları 25 milyon tona çatdırılacaq. Hazırda gəmiqayırma zavodumuzda Avropadan və Avropaya daşınan yüklərin nəqlini təmin etmək üçün 10 gəmi inşa olunur. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə yaxın münasibətlərimiz, həmçinin bu iki istiqamətin tam mərkəzində yerləşməyimiz Azərbaycan üçün böyük üstünlük yaradır”, deyə İlham Əliyev bildirib.














