Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü (Qazax Sərhəd Keçid Məntəqəsi), Bakı-Şəki, Bakı-Bərdə, Bakı-Kürdəmir, Bakı-Naftalan, Bakı-Beyləqan, Bakı-Ağdaş, Bakı-Siyəzən, Bakı-Qəbələ, Bakı-Ağcabədi, Bakı-Ağsu, Bakı-İmişli, Sumqayıt-Mingəçevir, Sumqayıt-Astara və Mingəçevir-Oğuz şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Şəhərdə iki avtobus marşrutu - BU ŞİRKƏTLƏRƏ VERİLDİ
FED.az AYNA-ya istinadən xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 10 oktyabr 2024-cü il saat 17:00-a qədər AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təklifləri Bakı-Sınıq Körpü (Qazax Sərhəd Keçid Məntəqəsi), Bakı-Şəki və Bakı-Bərdə istiqamətlərində 4 Lot üzrə oktyabrın 22-də, Bakı-Kürdəmir, Bakı-Naftalan, Bakı-Beyləqan və Bakı-Ağdaş istiqamətlərində 5 Lot üzrə oktyabrın 25-də, Bakı-Siyəzən, Bakı-Qəbələ, Bakı-Ağcabədi, Bakı-Ağsu və Bakı-İmişli istiqamətlərində 5 Lot üzrə oktyabrın 29-da, Sumqayıt-Mingəçevir, Sumqayıt-Astara və Mingəçevir-Oğuz istiqamətlərində 3 Lot üzrə noyabrın 1-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək olar.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.