“Monella” MMC-nin müvəqqəti istismarında olan 163 nömrəli müntəzəm marşrut xəttinin (“Koroğlu” NMM-Yeni Ramana yaşayış sahəsi) fəaliyyəti nəzarətə götürülüb.
Bakıda “Fidan” MMC-nin avtobus marşrutu - "BAKU BUS"A VERİLDİ - RƏSMİ AÇIQLAMA
BNA-nın Mətbuat xidmətindən FED.az-a verilən məlumatlara görə keçirilən monitorinqlər nəticəsində “Monella” MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb. İstehsalat bazası yararlı olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır.
Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Daşıyıcıya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq fəaliyyətində müsbətə doğru heç bir dəyişiklik qeydə alınmayıb.
Vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədi 163 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib. 16.03.2023-cü il tarixindən bu xətt üzrə daşımalar "BakuBus" MMC istismarında olan ortatutumlu avtobuslarla həyata keçiriləcək.
Mövcud dəyişiklik Yeni Ramana yaşayış sahəsi, o cümlədən bu ərazidə şəhid ailələri və müharibə əlillərinin məskunlaşdığı yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyata əlçatanlığının daha da yaxşılaşmasına imkan verəcək.