Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə, Bakı-Qəbələ, Sumqayıt-Beyləqan, Gəncə - Şəmkir avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bu barədə AYNA-dan FED.az-a məlumat verilib. Məlumata görə,
• Bakı - Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurlu yol” MMC;
• Bakı - Qəbələ marşrutu üzrə fiziki şəxs Bəkirov Səxavət Elməddin oğlu;
• Sumqayıt - Beyləqan marşrutu üzrə fiziki şəxs Talıbov Əliqurban Miri oğlu;
• Gəncə - Şəmkir marşrutu üzrə hüquqi şəxs "Nur-55" MMC qalib elan olunublar.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.