Azərbaycana daha bir neçə ölkə vətəndaşının uçuşuna icazə veriləcək.
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Qərara əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək:
- Albaniya Respublikası;
- Dominikan Respublikası;
- Filippin Respublikası;
- Gürcüstan;
- Hindistan;
- İndoneziya;
- İran İslam Respublikası;
- Kolumbiya Respublikası;
- Moldova Respublikası;
- Özbəkistan Respublikası;
- Pakistan İslam Respublikası;
- Peru Respublikası;
- Tacikistan Respublikası;
- Tailand Krallığı;
- Tunis Respublikası;
- Türkmənistan Respublikası;
- Venesuela Bolivar Respublikası.
Bu ölkənin vətəndaşlarının aşağıdakı tələblər nəzərə alınmaqla Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:
- yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
- 1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
Həmin şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.