Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı şatllardan istifadə göstəriciləri açıqlanıb.
FED.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, tədbirin ilk 3 günündə təşkil edilmiş 18 Nəqliyyat Mübadilə Mərkəzindən etibarlı nəqliyyat əlaqəsi təmin edilib və ümumilikdə 123 min sərnişin daşınıb.
Nəqliyyat vasitələrinin düzgün idarə olunması ilə sərnişinlər Heydər Əliyev Beynəlxalq Hava Limanından H1 ekspres marşrutu ilə “28 May” və H2 ekspres marşrutu ilə “Əhmədli” metro stansiyalarına rahat və təhlükəsiz şəkildə çatdırılıb. Qeyd edək ki, bu daşınmalar ödənişsiz həyata keçirilir.
Qeyd edək ki, COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gücləndirilmiş rejimdə çalışır. Sərnişindaşıma əməliyyatlarında ümumilikdə 1600-dən çox əməkdaş iştirak edir.
Xatırladaq ki, COP29-un ilk günü 35 min, ikinci günü isə 45 minə yaxın sərnişin şatllarla daşınıb. Növbəti günlərdə də sərnişin daşımalarının yüksək səviyyədə həyata keçirilməsi üçün tədbirlər davam etdiriləcək.