“Bu gün Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə kəndinə - Cocuq Mərcanlıya ilk avtobus yola düşüb”.
FED.az xəbər verir ki, bu barədə Modern.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Eləcə də bax: Cocuq Mərcanlıya avtobus - XƏTLƏRİ AÇILIR - YENİLİK
N.Allahyarovanın sözlərinə görə, ilk marşrut Sumqayıtdan hərəkətə başlayıb.
O, qeyd edib ki, bu gündən etibarən Cocuq Mərcanlı istiqamətinə Gəncə, Sumqayıt və Mingəçevirdən müntəzəm marşrut xətləri fəaliyyət göstərəcək:
“”Gəncə-Cocuq Mərcanlı” marşrutu üzrə avtobusların ilk yoladüşməsi dekabrın 17-si saat 10:30-da başlayacaq. Son dayanacaq Cocuq Mərcanlı olmaqla marşrut xətlərinin hərəkət sxemi Gəncə, Yevlax, Ağcabədi, Beyləqan, Horadiz olacaq".
N.Allahyarova qeyd edib ki, "Mingəçevir-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 09:00-da, qeyd olunan xətt üzrə dayanacaqlar Mingəçevir, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Cocuq Mərcanlı, habelə "Sumqayıt-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 08:30-da olmaqla marşrut xətləri üzrə hərəkət sxemi Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Bəhramtəpə, Daşburun, Əhmədbəyli, Horadiz, Cocuq Mərcanlı kəndidir.
Gəncə-Cocuq Mərcanlı marşrutu üzrə hərəkət trayektoriyasının uzunluğu 268 km, Mingəçevir-Cocuq Mərcanlı marşrutu üzrə 247 km, Sumqayıt-Cocuq Mərcanlı istiqaməti üzrə isə 363 km-dir.
Qeyd edək ki, Cocuq Mərcanlı kəndində 508 nəfər sakin yaşayır.