Çinin yük avtomobilləri Transxəzər beynəlxalq nəqliyyat dəhlizi - Orta Dəhliz vasitəsilə Çin-Avropa marşrutu üzrə yük daşımalarına başlayıb.
Azərbaycan və Çin malların bazarlara çıxışını asanlaşdıracaq
FED.az xəbər verir ki, 26 yük avtomobilindən ibarət konvoy iyulun 3-də Qazaxıstanın Kurik limanından gəmi-bərəyə yüklənərək, Bakıya yola salınıb. Çindən yük qatarı ilə gələn 110 konteyner eyni vaxtda Aktau limanında bərəyə yüklənib. Bununla əlaqədar keçirilən mərasimə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və bu ölkədə səfərdə olan Çin Xalq Respublikasının Sədri Si Cinpin videobağlantı ilə qoşulublar.
Çindən Orta Dəhliz üzərindən qatarla yük daşınması bir neçə ildir həyata keçirilir. Çinə məxsus yük avtomobilləri isə ilk dəfə rəsmi olaraq Transxəzər beynəlxalq nəqliyyat dəhlizindən istifadə etməyə başlayıb. Yüklər Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə çatdırılacaq.
Qeyd edək ki, Çinin Sian şəhərindən Bakıya Orta Dəhlizlə gündəlik müntəzəm konteyner blok qatarların göndərilməsinə də başlanılıb. Məişət malları, avtomobil və ehtiyat hissələri ilə yüklənmiş ilk qatar iyulun 1-də Siandan çıxıb. Qatarın Qazaxıstan və Xəzər dənizindən keçməklə təqribən 12 günə Bakıya çatacağı gözlənilir. (Azərtac)