Havalar soyuduqca, yağışlar yağdıqca yollarda vəziyyət heç də ürəkaçan olmur. Yollardakı su gölməçələri piyadalar üçün problemə çevrilir. Çünki elə sürücülər var ki, yol kənarında dayanan piyadaları belə nəzərə almır. Əksinə sürət həddini daha da yüksəldərək, onların üst-başlarını batırmağa nail olurlar.
Ümumiyyətlə belə halların qarşısını almaqdan ötrü sürücülərə cərimələr tətbiq edilirmi?
FED.az xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Modern.az-a məlumat verib.
Eləcə də bax: Yol polisi sürücülərə - MÜRACİƏT ETDİ
“Təbii ki, biz hər zaman olduğu kimi, hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar. Yağışlı hava ilə əlaqədar yollarda su gölməçələri yaranır. Sürücülərə dəfələrlə xəbərdarlıq edilir ki, yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar, sürət həddini azaltsınlar. Hərəkət iştirakçıları unutmasınlar ki, çirkli suları piyadaların üzərinə sıçratmaq yolverilməzdir. Eyni zamanda, piyadalara da bildirilir ki, hava şəraitinin yağışlı olmasını nəzərə alıb, geyimlərinə fikir versinlər. Sutkanın qaranlıq vaxtında yola çıxarkən imkan daxilində əlvan, xüsusilə də işıqqaytarıcı geyimlər geyinsinlər. Çünki ən azından sürücüləri də nəzərə almaq lazımdır. Gecə vaxtı qara paltar geyinmiş piyadanı sürücü bəzən görmür, nəticədə isə yol nəqliyyat hadisəsinin baş verməsi halı qaçılmaz olur”.
Rüfət Quliyev bildirib ki, sürücülərin piyadaların üzərinə çirkli su sıçratmaları ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulub:
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 1.5 bəndində bu məsələnin həlli öz təsdiqini tapıb. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir. Bütün sürücülərin nəzərinə çatdırırıq ki, bu qaydanı pozan hər kəsə 40 manat miqdarında cərimə tətbiq olunacaq”.