Xidməti parklanma yerində ödənişsiz saxlayacaq subyektlərin əhatə dairəsi genişləndirilir.
Xidməti parkinqlərdə maşın saxlayanlar - CƏRİMƏ EDİLƏCƏK
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliklərin üçüncü oxunuşda müzakirəsi zamanı deputat Kamal Cəfərov deyib.
Deputat bildirib ki, həm ikinci oxunuş zamanı, həm də zamanla işçi qaydada da təkliflər daxil olub: “Bu barədə qanunvericilik təşəbbüsü subyektinin nümayəndəsi ilə müzakirəmizdən sonra bir sıra təkliflər qanun layihəsində öz əksini tapıb. Birinci təklif xidməti parklanma yerində ödəniş saxlayacaq subyektlərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. Təklif edilir ki, diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalı xidməti parklanma hüququndan istifadə edə bilsin. İkinci təklif isə skuterlərin hərəkətinə dair tələblərlə bağlıdır. Burada da “sükanı tutmadan hərəkət etmək” sözünün əvvəlinə “sükanı olduğu halda” sözlərinin əlavə edilməsi təklif edilir. Üçüncü təklif isə uyğunlaşdırma xarakterlidir. 45-2 maddənin 6-ci bəndində "müvafiq icra hakimiyyəti orqanının" sözündən sonra "müəyyən etdiyi qurum" sözünün əlavə edilməsi təklif edilir”. (Apa)